“Azərbaycan 10 noyabr sazişindən imzasını geri çəkə bilər və belə olan halda...” - NƏ BAŞ VERİR?

  “Azərbaycan 10 noyabr sazişindən imzasını geri çəkə bilər və belə olan halda...” -
Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi onlayn mətbuat konfrasında Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı suala cavab verərkən deyib ki, guya, Azərbaycan yeni müharibəyə hazırlaşır: “Azərbaycan tərəfi Ermənistan və “Dağlıq Qarabağa” (dırnaq işarəsi bizə məxsusdur – A.B.) qarşı yeni müharibəyə legitimlik qazandırmaq üçün sülh sazişi, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regional kommunikasiyaların açılması məsələləri ilə bağlı görüşləri daim gecikdirir, təxirə salır və ya rədd edir. Azərbaycan yeni müharibəyə hazırlaşır. Bu, qaçılmaz görünür. Çünki Azərbaycan bunun üçün hər şeyi edir”.

Ermənistan rəhbəri Laçın şəhərindən yan keçməklə inşa olunan alternativ yolla bağlı da fikirlərini açıqlayıb: “Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.

Paşinyanın sözlərinə görə, yeni marşrut Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Birgə Bəyanatda öz əksini tapıb: “Yeni çəkilən yolun Rusiya sülhməramlılarının nəzarətində olması üçün Moskva ilə danışıqlar aparırıq. Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilərdə yaşayan ermənilər isə yeni evlərlə təmin olunacaqlar”.

Qeyd edək ki, Laçın dəhlizinə alternativ olacaq yeni yol Azərbaycan tərəfindən çəkilir. Yolun bu il ərzində istifadəyə verilməsi planlaşdırılır. Yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol üç il ərzində hazır olmalıdır.

Hazırda tikintisi sürətlə davam etdirilən Laçın dəhlizinə alternativ olan yol iki hərəkət zolaqlı olacaq. Yol hazır olandan sonra, hazırda Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlı kontingenti həmin marşruta yerləşdiriləcək. Nəticədə Laçın şəhəri, Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Ermənistan Baş nazirinin “Azərbaycan yeni müharibəyə hazırlaşır” bəyanatına rəsmi Bakı tərəfindən sərt cavab verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edilib ki, Paşinyanın söylədiyi bir sıra fikirlər Ermənistanın bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır. Rəsmi Bakı bəyan edir ki, Azərbaycan müharibə istəsəydi, İrəvana sülhlə bağlı baza prinsiplərini təqdim etməzdi. Bununla yanaşı, XİN-in bəyanatına görə, razılaşmaların icrasında Ermənistan tərəfi maraqlı olmadığını göstərir, hər vəchlə öhdəliklərdən boyun qaçırır.

Ekspertlər hesab edirlər ki, Paşinyanın bu bəyanatı şantaj xarakterlidir. Analitiklərin qənaətincə, Nikol “Azərbaycan müharibəyə hazırlaşır” deməklə həm razılaşmalardan boyun qaçırmasına əsas axtarır, həm də daxildəki erməniləri qorxudur. Yəni ki, İkinci Qarabağ müharibəsində darmadağın edilmiş ordu ilə yeni müharibədə tamamilə məhv ediləcəklərini erməni xalqına çatdırır.

Hərbi ekspertlər isə bildirirlər ki, Ermənistan yeni müharibə istəmirsə, o zaman kapitulyant ölkə üzərinə götürdüyü öhdəliklərə tamamilə əməl etməlidir. Dia.az-ın məlumatına görə, ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev AYNA-nın mövzuya dair suallarını cavablandırarkən deyib ki, Ermənistan Baş naziri özü də 18 aydır məsələlərin həllində irəliləyiş olmadığını yaxşı bilir:

- Vaxtın uzadılması və Ermənistanın üzərinə götürdüyü öhdəliklərin böyük hissəsinin yerinə yetirilməməsi sonunda münaqişənin alovlanması ilə nəticələnə bilər. Paşinyan, əlbəttə ki, bunu dərk edir. 2020-ci ilin noyabrın 10-da imzalanmış Üçtərəfli Birgə Bəyanat var və orada göstərilən müddəalara uyğun olaraq, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Lakin Ermənistan tərəfi bu öhdəliklərə əməl etmir, hər vasitə ilə öhdəliklərin icrasından yayınır. Bu, Azərbaycanın Üçtərəfli Birgə Bəyanatdan imzasını geri çəkməsi ilə nəticələnə bilər. İmzanın geri çəkilməsi Azərbaycan-Ermənistan münasibətlərini 10 noyabr 2020-ci il tarixindən əvvələ daşıya bilər.

Xatırlatmaq lazımdır ki, həmin il noyabrın 8-də Azərbaycan Şuşaya bayraq sancmışdı. Noyabrın 9-da isə 72 kənd və 8 yüksəklik Ermənistanın işğalından azad edilmişdi. Əgər Ermənistan bu tarixə dönüşü istəyirsə, bu tarixə dönüşü göz altına alıbsa, o zaman Üçtərəfli Birgə Bəyanatdakı öhdəliklərin yerinə yetirilməsi prosesini uzatmaqda davam edə bilər. Lakin Ermənistan rəsmiləri unutmamalıdırlar ki, bu, onlar üçün çox ağrılı və ölümcül olacaq.

- Paşinyan Laçın şəhərinin və Zabux kəndinin boşaldılacağını bildirdi, amma digər ərazilərimiz haqqında nəsə demədi...

- Onu deyim ki, yalnız Laçın şəhəri ilə Zabux kəndi yox, dəhlizin keçdiyi ərazi boyunca yerləşən bütün kəndlər Azərbaycanın nəzarətinə keçəcək. Bu, Laçın şəhərindən yan keçən alternativ yolun istifadəyə verilməsi ilə gerçəkləşəcək. Başqa sözlə desək, ilin sonunadək yolun inşaatı tam başa çatarsa, gələn ilin əvvəlində, maksimum yay aylarınadək Azərbaycan bayrağı Laçın şəhərinin mərkəzində dalğalanacaq.

Paşinyan bəyanatlarında bir qədər geri addım atdığını, reallıqları qəbul etməyə hazır olduğunu bildirdi. Amma bizi maraqlandırmır ki, Ermənistanın daxilində hansı atmosfer mövcuddur. Bizə təkcə Laçın şəhərinin və dəhliz ətrafının boşaldılması, oradakı erməni silahlılarının çıxarılması maraqlandırmır. Eyni zamanda, Xocalı, Xankəndi, Ağdərə, Xocavənd, Əskəran istiqamətində hələ də qalmaqda olan erməni terrorçu yaraqlılarının tərksilah edilməsi lazımdır. Erməni tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa çarəsi yoxdur.

Zaman-zaman da Paşinyandan yumşaq bəyanatlar eşidirik, amma ümumiyyətlə, proseslərin həllinin gecikməsi, daha uzun zamanın keçməsi qaneedici deyil. Hər bir halda Azərbaycan əsgəri, Azərbaycan Ordusu bütün ssenarilərə hazırdır. Ermənistan bunu dərk etməlidir. Ermənistan rəhbərliyi anlamalıdır ki, razılaşmaları yerinə yetirməsə, Azərbaycan bu öhdəlikləri Ermənistana zor gücü ilə icra etdirməyə hazırdır.

- Paşinyan bəyan etdi ki, Laçındakı ermənilər mənzillərlə təmin ediləcəklər, amma harada təmin ediləcəklərini açıqlamadı. Eyni zamanda, Laçın şəhərində sonradan məskunlaşdırılmış ermənilər oranı tərk etməyəcəkləri haqqında bəyanatlar verirlər...

- Belə bayanatla Andranik adlı erməni çıxış edib. Hansı ki, bu şəxs Zabuxda sonradan yerləşdirilmiş ermənilərin icmasına rəhbərlik edir. Məlumdur ki, bu ermənilər 2010-2011-ci illərdə Laçın ərazisinə Suriyadan köçürülüblər. 50 Suriya erməni ailəsi üçün Zabuxda Ermənistan hakimiyyəti ev tikmişdi. İndi həmin ermənilər üçüncü dəfə yerləşdikləri ərazini tərk etməli olacaqlar. Çünki Laçında Birinci Qarabağ müharibəsindən əvvəl bir nəfər də erməni yaşamayıb. İndi Andranik “Laçından getməyəcəyik” deyə boş-boş fikir səsləndirir.

Əgər Ermənistan Suriya ermənilərinə ürəyiyananlıq edirdisə, onları hardasa yerləşdirmək istəyirdisə, Ermənistanda boş ərazilər çox idi, zəhmət çəkəydi, gətirdiyi erməniləri öz ərazilərində yerləşdirəydi. Vaxtında İrəvan qanunsuzluq edərək, həmin erməniləri Azərbaycan ərazisində yerləşdiribsə, bu, bizim məsələmiz deyil. İstənilən halda Laçın ərazisindəki istənilən silahlı erməni Azərbaycan Ordusu üçün legitim hədəfdir. Hər bir belə hədəfin zərərsizləşdirilməsi Azərbaycan Ordusunun, Azərbaycanın güc strukturlarının şərəf və ləyaqət məsələsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...