Səfirin Pənah Hüseynlə bağlı paylaşımı birmənalı qarşılanmadı

Səfirin Pənah Hüseynlə bağlı paylaşımı birmənalı qarşılanmadı
İki gün öncə Azərbaycanda ilk rəsmi qeydiyyata alınmış Milli İstiqlal Partiyasının (AMİP) 30 illiyi qeyd edilib. Tədbirdə AMİP lideri Etibar Məmmədov başda olmaqla partiyanın tanınmış üzvləri və bəzi siyasətçilər iştirak ediblər.

1992-ci il iyulun 3-4-də təsis edilən AMİP həmin il iyulun 17-də Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçən partiya olaraq siyasi hakimiyyət uğrunda mübarizə apardığını elan etmişdi. Amma siyasi hakimiyyət uğrunda mübarizə bu partiyaya hər hansı bir uğur gətirməyib. Bir zamanlar ən təşkilatlanmış və hakimiyyət uğrunda mübarizənin önündə gedən AMİP indi siyasi arenada sıradan bir təşkilata çevrilib.

AMİP-in keçmiş üzvü, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev partiyanın ilk təsis qurultayının tarixi ilə bağlı maraqlı bir əhvalatı sosial şəbəkədə paylaşıb.

Modern.az-ın məlumatına görə, V.Quliyevin eks-AMİP-çi kimi paylaşımı sosial şəbəkədə birmənalı qarşılanmayıb və bəzi iradlara səbəb olub.

V.Quliyev bildirib:

“O zaman Təşkilat komitəsinin üzvü kimi qurultayın hazırlanmasında bəndənizin də müəyyən iştirakı olmuşdu. Amma məqsəd aradan onilliklər keçəndən sonra hansısa xidmətlərdən danışmaq deyil. Sadəcə, maraqlı bir məqam yadıma düşdü.

Deməli, qələbəlik qurultay Opera və Balet Teatrının binasında keçirilirdi. Hakimiyyət adından AMİP forumuna dövlət katibi Pənah Hüseynov gəlmişdi. Prezident Əbülfəz Elçibəyin təbrikini oxudu, ölkənin ilk siyasi partiyasını şəxsən təbrik etdi.

Fasilədə direktorun otağında qurultayın rəhbər heyəti üçün nahar süfrəsi açılmışdı. Təbii ki, ofisiantlar həm qonaq, həm də vəzifəli şəxs kimi Pənah Hüseynovun ətrafında fırlanırdılar. Akademiyadan yaxşı tanıdığım Pənah bəlkə də ömründə ilk bahalı kostyumunu geymiş, dəbdə olan qalstuk taxmışdı. Amma qətiyyən iddialı görünmürdü, əksinə özünü çox sadə və səmimi aparırdı.

Görünür, şəxsinə göstərilən diqqətdən təsirlənən Pənah birdən üzünü AMİP liderinə tutub:

- Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. –Sən öl o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.

Etibar da hazırcavalıq nümunəsi göstərdi:

- Qorxma, dedi. –Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!”.

Vilayət Quliyevin paylaşımda Pənah Hüseynin adını soyadsız yazmağı bəzi sosial şəbəkə istifadəçilərini etirazı ilə qarşılanıb. Səfirə keçmiş dövlət katibini aşağılayıcı tonda təqdim etməyinə görə irad tutulub.


Xatırladaq ki, Vilayət Quliyev vaxtilə AMİP-in təşkilat komitəsinin və Siyasi Şuranın (1992-1993-cü illər) üzvü olub. O, 1992-ci ildə AMİP-in orqanı olan “Millət” qəzetinin baş redaktoru da işləyib. 1993-cü ilin sentyabr ayında AMİP-dən istefa verən bir qrup siyasətçi, o cümlədən V.Quliyev Azərbaycan Demokratik İstiqlal Partiyasını (ADİP) yaratmışdı. V.Quliyev 1994-cu ildə ADİP-in birinci katibi də seçilmişdi.

Vilayət Quliyev sonralar Heydər Əliyev iqtidarında vəzifəyə gətirildi və 2004-cü ilədək xarici işlər naziri işlədi.

2004-cü ildən Azərbaycanın Polşadakı səfiri işləyən Vilayət Quliyev 2010-2021-ci illərdə Azərbaycanın Macarıstandakı diplomatik korpusuna başçılıq edib. 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri təyin edilib.


Səfirin Pənah Hüseynlə bağlı paylaşımı birmənalı qarşılanmadı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...