Azərbaycanda turizm dələduzlarından necə qorunmaq olar?

Azərbaycanda turizm dələduzlarından necə qorunmaq olar?
Azərbaycanda bütün sahələrdə olduğu kimi, turizm sahəsində də dələduzluq halları var.

Müxtəlif işbazlar vətəndaşların etibarından sui-istifadə edərək onlara tur paketlər satır, sonra isə məlum olur ki, ya paketə daxil olan aviabilet alınmayıb, ya də ki otel bron olunmayıb.

Maraqlıdır ki, belə tur paketləri insanlara təklif edən insanların hamısı ofisdə, konkret yerdə fəaliyyət göstərmir, onlar bu dələduzluğu həm də sosial şəbəkələrin imkanlarından istifadə etməklə həyata keçirir. Bəs turizm dələduzlarından necə qorunmaq olar? "Report" mövzünü turizm mütəxəssisləri ilə müzakirə edib.

"Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin sədri Əhməd Qurbanov deyir ki, dələduzluq hallarının üstü adətən avqust ayında açılır: "İnsanlar mövsümün əvvəlində və yaxud qışda yayın sonuna doğru olan tur paketləri alırlar, hava limanına gedəndə yaxud istirahətin vaxtı yaxınlaşanda isə məlum olur ki, verdikləri pul boşa gedib, nə aviabbilet var, nə də hotel. Son nəticədə vətəndaşlar həm maddi, həm də mənəvi zərbə alırlar".

Onun sözlərinə görə, assosiasiya belə ballarla mübarizə aparmağa çalışır, lakin heç də həmişə uğulu olmur: "Bəzən bu problemləri çözmək alınır, bəzilərində isə konkret dələduzluq faktı olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmələrini məsləhət görmüşük. Onların vasitəsilə bir çox məsələlər həll olunub. Onu da qeyd edim ki, vətəndaşlar tur paketi almamışdan əvvəl yaxşı araşdırma aparmalı, şirkətin saytı ilə tanış olmalıdırlar. Şirkətin fiziki olaraq ofisi, həmin ofisdə müəyyən sayda işçisi olmalıdır. Assosiasiya olaraq bizə də müraciət etmək olar. Biz onları normal turizm şirkətlərinə yönəldə bilərik”.


Ə.Qurbanov hesab edir ki, bir qədər əvvəl qəbul olunmuş "Turizm haqqında" yeni qanun dələduzluq hallarının sayını xeyli azaldacaq: "Yeni qanunda turizmlə bağlı reyestrin yaradılması məsələsi var. Artıq bunun mexanizmi hazırlanır və onun sayəsində dələduz şirkətlərin, demək olar ki, kökü kəsiləcək. Reyestr xidməti şirkətlərin öz məlumatlarını mütləq şəkildə ora daxil etməsi üçündür. Məlumat bazası orada olduğuna görə, artıq sırf bazarda normal şəkildə işləyən şirkətlər qalacaq. Dələduzluq halları minimuma enəcək".

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi isə deyir ki, turizm dələduzları Azərbaycanla yanaşı, digər ölkələrdə də var və daha çox sosial şəbəkələrdə mövcuddurlar: "Sosial şəbəkələr əmələ gələndən sonra dələduzlar oranı özlərinə platforma seçib, oradan satışlar edirlər. Bəzi hallarda hüquqi cəhətdən məlum olmayan turizm şirkətləri olur. Onların nə qeydiyyatı olur, nə də VÖENİ-i. Ola bilsin, heç ofisləri də yoxdur. Texniki təchizatları zəif olan belə “şirkətlər”in turizm sahəsində tələb olunan müqavilələri, danışıqları yoxdur ki, turizm məhsullarını yaradıb sata bilsinlər.

Onlar çox vaxt hazır turu götürüb, öz faizlərini əlavə edərək satırlar. Belə şirkətlər üzə çıxırlar. Assosiasiya olaraq biz belə şirkətlərlə rastlaşmasaq da, onlarla üzləşənlərin olduğunu bilirik. Təbii ki, biz belə halları qəti şəkildə qınayırıq".

S.Dübəndi belə halların artma səbəbini həm də savadsızlıqda görür: “Bu sahədə savadsız insanlar da var. Onlar elə bilirlər turizm agentliyi yaratmaq üçün xüsusi biliklər lazım deyil. Düşünürlər ki, heç yerdə bunu oxumaq, təcrübələr keçmək ehtiyacı yoxdur. Bu da belə səhvlərə, düzgün olmayan hərəkətlərə gətirib çıxarır.

Bunların qarşısını almaq üçün güclü təşviqat işləri aparılmalıdır. Sahibkarlarla və sahibkar olmaq istəyənlərlə təlim keçilməlidir ki, müəyyən qədər formalaşa bilsinlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...