Bakının 500 milyon dolları İran dəmir yolunda bata bilərmi?

Bakının 500 milyon dolları İran dəmir yolunda bata bilərmi?
Azərbaycana qarşı dost olmayan münasibətini büruzə verən Tehranın ölkəmizə ehtiyacı həmişə olub, olaraq qalacaq...

Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirləri Bakıda Rəşt-Astara dəmir yolunun tikintisinin detallarını müzakirə ediblər. Müzakirələr “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüş çərçivəsində aparılıb. Görüşün yekunlarına dair imzalanan Bakı Bəyannaməsinə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirir və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Sənəddə qeyd olunur ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayırlar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər.

Bəyannamədə İranın Çanahar limanının dəhlizə inteqrasiyası alqışlanıb.

Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaq idi. Lakin 20 ildən çox müddətdə dəhlizin fəaliyyətə başlaması mümkün olmayıb. Regionda və beynəlxalq səviyyədə baş verən geosiyasi dəyişikliklər, o cümlədən Rusiya ərazisindən Mərkəzi və Orta Asiya vasitəsilə Avropaya yükdaşımalar üçün əlverişli şərtlərin təmin olunması, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar dəhlizin işə salınması üçün zəruri infrastrukturun yaradılmasını əngəlləyib.

Hazırda uzunluğu 7200 kilometr olan dəhlizin başlanğıc nöqtəsi Hindistanın Nava-Şeva limanı, Rusiya ərazisində son nöqtəsi isə Sankt-Peterburq hesab olunur. Avropaya gedən qol bir neçə ölkəyə şaxələnir.

Rusiya ekspertlərinin hesablamalarına əsasən, Şimal-Cənub Dəhlizi yüklərin Hindistandan Rusiyaya daşınma müddətini 2 dəfə azaltmağa imkan verir. Belə ki, yüklər Süveyş kanalından keçən ənənəvi marşrutla Mumbaydan Sankt-Peterburqa 30-45 günə çatdırılır. Şimal-Cənub marşrutu ilə bu müddət 15-24 günə düşəcək. Bu qısalma havaya atılan istixana qazlarının 25 faiz azalmasını şərtləndirəcək.

Şimal-Cənub dəhlizinin əsas təşəbbüskarı Hindistan idi. İqtisadiyyatı sürətlə inkişaf edən Hindistanın Avropaya yükdaşıma yollarının əksəriyyəti Çinin təsir dairəsindədir. Pekinlə münasibətləri gərgin olan Dehli bu səbəbdən İran üzərindən Çindən asılı olmayan marşrutun işə salınmasında çox maraqlıdır. Buna görə də dəhliz infrastrukturunun yaradılmasına indiyədək 2,1 milyard dollar sərmayə qoyub. Bunun bir hissəsi İran nəqliyyat infrastrukturuna yatırılıb. Hindistan İranın Canahar limanını icarəyə götürərək oranı genişləndirmək və modernləşdirmək istəsə də, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar bu layihənin icrasına imkan verməyib. İran özü isə dəhlizin işə salınmasında elə də maraqlı olmayıb - özünün ixrac imkanları sanksiyalarla məhdudlaşdırılmışdı.

Layihənin üçüncü böyük tərəfdaşı olan Rusiya da Ukraynaya hücumuna görə Qərbin sanksiyaları ilə üzləşənə qədər Şimal-Cənub dəhlizinə heç bir maraq göstərməyib: ticarət əlaqələrində dəhlizboyu ölkələrin payı cüzi idi, üstəlik, sanksiyalara qarşı gedib tərəfdaşlıq etdiyi Qərb dövlətləri ilə münasibətlərini korlamağa gedəcək qədər gəlir əldə etməyəcəkdi. İndi isə vəziyyət kökündən dəyişib: Qərb bazarlarından sıxışdırılan Rusiyanın Asiya bazarlarına ehtiyacı böyükdür. Daha dəqiq ifadə etsək, hazırda Rusiyanın Avropanın almaqdan imtina etdiyi məhsullarını satmaq üçün az qala yeganə ümidi Asiya bazarlarıdır. Dəhlizlə Hindistan, Banqladeş, Birma, Tayland, Malayziyaya və əksinə yükdaşımaların təmin olunması Moskva üçün son dərəcə vacibdir.

"Şimal-Cənub" Nəqliyyat Dəhlizi Rusiya üçün həm də Qərbin ona satmaqdan imtina etdiyi məhsulları Asiya ölkələrindən əldə etmək üçün vacibdir. Çünki kənd təsərrüfatı məhsulları istisna olmaqla, demək olar ki, bütün məhsullar üzrə idxaldan asılı olan Rusiyanın idxalı sanksiyalar tətbiq olunandan bəri minimum səviyyəyə düşüb. İqtisadiyyatın bütün sahələrində istehsalın davam etməsi üçün Rusiya Qərbdən ala bilmədiklərini Asiyadan - Çin və Hindistandan almağa çalışır. Hələlik bu sahədə vəziyyət heç də ürəkaçan deyil: hər iki ölkə Rusiyadan enerjidaşıyıcılarını - neft, qaz, kömür alışını artırsalar da, bu ölkəyə məhsul satışını artırmaqda maraqlı görünmürlər. Qərbin sanksiyalarından ehtiyat edən Çin və Hindistan şirkətləri Rusiyaya mal satmağa həvəs göstərmirlər. Lakin Moskva bu vəziyyəti aradan qaldırmağa və zəruri məhsulların Asiyadan idxalını təmin etməyə çalışır. Buna görə də Rusiya zəruri infrastrukturu ən qısa müddətdə tamamlamaqda maraqlıdır və bunun üçün vəsait qoyuluşu da həyata keçirməkdən çəkinmir.

Dəhlizin İran ərazisindəki hissəsində Qəzvin-Rəşt dəmir yolu 9 ilə tikilərək 2019-cu ilin martında istismara verilib. Həmin ərəfədə yolun davamı olan Rəşt-Astara hissəsinin də tezliklə tikintisinə dair qərar qəbul edilib. Azərbaycan və İran prezdentlərinin iştirakı ilə qeyd olunan dəmiryol xəttinin inşasına dair saziş də imzalanıb. Azərbaycan yolun inşasını maliyyələşdirmək üçün İrana 500 milyon dollar güzəştli kredit də ayırıb. Lakin ABŞ-ın İrana qarşı sərt sanksiyaları bu layihənin icrasına mane olub. Belə ki, qarşılıqlı razılaşmaya əsasən dəmiryol xəttini Azərbaycan şirkətləri həyata keçirməli idi. Lakin sanksiyalara görə bu, mümkün olmadı.

İndiyədək İran özü də dəhlizboyu infrastrukturun yaradılmasına ciddi maraq göstərməyib. Lakin Rusiyanın ona “yoldaş” olmasından sonra Tehran bu vəziyyətdən maksimum yararlanmağa çalışır. Belə ki, İran tərəfi layihənin dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olan çətin geoloji şəraitə istinad edərək, şəffaf şəkildə Azərbaycan və Rusiya tərəfdaşlarına əlavə xərclərin müəyyən hissəsini öz üzərinə götürə biləcəklərinə eyham vurub.

Rusiya və İran yaxınlaşır..." -

İyul ayında İrana səfər edən Rusiya prezidenti Vladimir Putin ölkəsinin Rəşt-Astara dəmiryol xəttini tikməyə hazır olduğunu bəyan edib: “Rusiya ”Şimal-Cənub" Nəqliyyat Dəhlizinin işə salınması üçün Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsini tikməyə hazırdır". Onun sözlərinə görə, Rusiya “Şimal-Cənub” dəhlizinin işə salınması üçün Cənubi Qafqazda İrana gedən nəqliyyat infrastrukturunun bərpası məsələsinin həlli ilə məşğul olur. “Bu, İranın cənub limanlarına, oradan isə Fars körfəzinə və Hindistana gedən qısa marşrutdur. Konkret bir hissə var - Rəşt-Astara. İran ərazisində 146 kilometrlik kiçik bir hissədir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Bu yaxınlarda biz Xəzər Sammiti çərçivəsində prezident Əliyevlə görüşdük, bunu müzakirə etdi. Rusiya bunda maraqlıdır, çünki biz Rusiyanın şimalından, Peterburqdan birbaşa Fars körfəzinə çıxacağıq. Məsələ cəmi 146 kilometrlik hissəni tikməkdədir. Rusiya tərəfi bunu etməyə hazırdır”.

Putin əlavə edib ki, yalnız tikinti şərtləri haqqında razılıq əldə etmək qalır. Ötən həftə Bakıda keçirilən üçtərəfli görüşdə Rəşt-Astara dəmiryol xəttinin tikintisi ilə bağlı əldə olunan razılaşma prosesin xeyli ləng gedəcəyini göstərir: 1 ay müddətində saziş layihəsi hazırlanacaq, ilin sonunadək danışıqlara başlanacaq. Müzakirələrin gedişi göstərir ki, layihənin maliyyələşməsində iştirakçılıq tərəflər arasında hələ də qeyri-müəyyən qalır. Halbuki Azərbaycan artıq İrana böyük həcmdə kredit ayırıb. Bu kreditin taleyinin necə olacağına dair indiyədək heç bir açıqlama verilməyib.

Rusiya Rəşt-Astara dəmir yolunun inşası üçün İrana kredit verəcək - AZƏRTAC

Onu da qeyd edək ki, hazırkı şərtlər daxilində üç ölkə arasında Bakının Şimal-Cənub dəhlizinə ən az ehtiyacı olan tərəf olduğunu rahatlıqla söyləyə bilərik: Rusiya üzərindən keçirilməyən yüklərin mühüm hissəsi məhz Azərbaycan üzərindən keçirilməyə başlayıb, bu həcm yaxın illərdə 3-4 dəfə artacaq. Bakıda keçirilən üçtərəfli görüşdə baş nazirin müavini Şahin Mustafayev bildirib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz çox olub: "Şimal-Cənub" və "Şərq Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib”

Ş.Mustafayev həmçinin deyib ki, Azərbaycan hər iki ölkə ilə strateji münasibətlərin, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlıdır: “O cümlədən ölkələrimizin iştirakçısı olduğu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ən böyük nəqliyyat əməkdaşlığı layihələrindən biridir: Bu dəhliz iqtisadi səmərəliliyinə, böyük həcmdə yük daşınması imkanlarına, vaxt və təhlükəsizlik baxımından çox böyük əhəmiyyət kəsb edir. Onunla daşımaların artırılması üçün geniş imkanlar mövcuddur”.

Azərbaycanın "Şimal-Cənub" Nəqliyyat Dəhlizində iştirakda əsas məqsədi Ermənistanın ondan kənarda saxlanmasıdır. Buna görə də rəsmi Bakı ölkə ərazisində dəhlizin fəaliyyəti üçün zəruri infrastrukturu demək olar ki, bütünlüklə formalaşdırıb. Tehran isə uzun illər boyu erməniləri layihədə aktivləşdirmək, Azərbaycandan asılı qalmamaq üçün dəhlizin düşmən ölkənin ərazisindən keçməsini təmin etmək üçün xeyli çabalar göstərib. Lakin zəruri infrastrukturu yaratmağa maliyyə imkanı olmayan Ermənistanın yaxın onillikdə belə "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin öz ərazisindən keçməsini təmin edəcəyi real görünmür. Məhz buna görə də İran ötən ilin payızında Azərbaycanı özünün təşəbbüskarı olduğu, həm də "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin tərkib hissəsi hesab olunan Fars körfəzi-Qara dəniz layihəsində iştiraka dəvət edib. Eyni zamanda bu ilin martında iki ölkə arasında Şərqi Zəngəzur nəqliyyat dəhlizinin yaradılmasına dair saziş imzalanıb, onun icrası üçün dərhal işlərə başlanıb.

Azərbaycana qarşı dost olmayan münasibətini müntəzəm olaraq büruzə verən Tehranın bütün istəklərinə rəğmən, ölkəmizə ehtiyacı həmişə olub, olaraq qalacaq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...