"İcra başçılarının 99 faizini tutub silkələsən, ən azı 20 obyekti, 50 milyon da pulu çıxar..."

"İcra başçılarının 99 faizini tutub silkələsən, ən azı 20 obyekti, 50 milyon da pulu çıxar..."
Belə bir məsəl var, deyərlər: “İgidin adını eşit, üzünü görmə”.

Bunu əsasən o mənada deyirlər ki, igidin səsi-sədası xoş gəlir, tərifi göylə gedir, reputasiyası daha çox müsbət olur, amma özüylə rastlaşanda məlum olur ki, igidin qolu güclü, ürəyi cəsur olsa da, ağıl sarıdan fıydırım-fışdır (bu, dialekt sözüdür, “yüngülməcaz” mənası verir).

Bu yaxınlarda eləsinin birini uzaq ellərdə gördüm, adlı-sanlı idmançıydı, sanardın, heykəltəraş yonub, əzələ kütləsi köynəyini dağıdırdı, kəsəsi, Silvestr Stallonenin cavanlığıydı. Adam bir az yanımızda ordan-burdan danışdı, şitlik elədi, məlum oldu ki, olan-qalan ağlını da bir az əvvəl içdiyi mey aparıb, olub tamam gicbəsər. Yaxşı ki, çox qatıqlamamış ayrıldı, getdi.

Xüləs, söhbət o cür igidlərdən getmir, ad-sanı ölkəylə bir olmuş məşhur məmurlardan gedir.

Alimpaşa müəllim onlardan biridir. Onun adını çox eşitmişdik, amma üzünü görməmişdik. Eləcə, hansısa toplantıda çəkilmiş iki-üç şəkli vardı, saytlar sözləşibmiş kimi Şəmkirdən gələn xəbərlərə eyzən o şəkilləri yerləşdirirdilər. Amma yaxşı bilirsiniz, şəkillərdən baxışı insanı əvəz eləmir.

Adamı danışdırmasan ağlına, istedadına, qanacaq-qabiliyyətinə bələd ola bilməzsən. Hərçənd bəzən biri adama şəkildən elə baxır, dərhal bilirsən ki, səfeh və kəmağılın biridir. Ölüm yatağında huşsuz uzanan bir sənətkarın yanında dayanıb gülümsər sifətlə şəkil çəkdirənlərin də hansı tip bayquş olduqlarını aşağı-yuxarı təxmin etmək olur. Amma tribunada çıxış etdiyi yerdə şəkli çəkilmiş adamla bağlı bu, keçərli deyil. Gərək ən azı videosuna baxasan.

Şəmkirin sabiq İH başçısı Alimpaşa müəllimin məşhur videosunu ilk dəfə görüb, səsini eşidəndə onu Bakımızın sabiq rəhbəri Hacıbala müəllimə oxşatdım. Alimpaşa müəllim də Hacıbala müəllim kimi gücənə-gücənə, bir az da qəribə-qəribə danışırdı.

Həmin videodan aydın oldu ki, Şəmkirin rəhbəri həm patriotdur, həm də şeir xiridarıdır. Onun səsləndirdiyi “Ay Laçın, can Laçın, can sənə qurban, Laçın” misraları qiraət sənətinin zirvəsi sayıla bilərdi... Yaxşı, gop eləməyək, səsləndirmə bir qəpiklik deyildi, amma başçı öz hiss-həyəcanını dinləyicələrə ötürə bilirdi.

Çifayda, həmin patriotik çıxışın və məşhur bayatının yaratdığı coşqu seli bir neçə aydan sonra Alimpaşa müəllimin həbsinə mane olmadı. Adamı tutub qoydular içəri.

Dünən sabiq icra başçısına dair yayılmış informasiya isə onun təxəyyülümdəki portretinə yeni cizgilər (ştrixlər) əlavə edib. Bunu bir az sonra yazaram, hələlik müəllimə qarşı irəli sürülmüş cinayət maddələrini sayım: CM-nin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma).

Göründüyü kimi, sanballı maddələrdir. Belə maddələrlə onun nəsl-nəcabəti fəxr edə bilər. Qoy hindən toyuq oğurlayanların və ya təqaüdçünün bankomatdan çıxardığı pulları qapıb qaçanların qohumları o xəcil maddələrdən utansın.

İndi baxıram ki, Alimpaşa müəllimin varidatının siyahısı da yayılıb. Beləymiş: “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat); “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat); Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat).

Adamın ağlına gələn ilk sual belə olur: “Elə bu?” (Hətta sualda “u” hərfi 3, sual işarəsi isə 5 dənə ola bilər).

Gözlənilməzdir. Bir İH başçısının cəmi bir müəssisəsi, 5-6 da əmlakı necə ola bilər? Bu nə dürüstlük, bu nə gözütoxluq? Kişi, sən Uruqvayın keçmiş prezidenti Xose Mujikasan ki, dünya malında gözün olmaya? Hanı sənin yığdıqların? Şəmkir boyda və varlılıqda rayonda toplanan varidat cəmi-cümlətanı 10 milyon?

İnanılası deyil. Ya adamın 100 milyonunun 90-nı qapazlayıb, müəllimə də “oğurladıöın pulları nə qədər az göstərsək, işin bir elə yüngül olar” deyiblər, ya da bu, nəsə başqa cür şübhəli məsələdir. Bu saat İH başçılarının 99 faizini tutub silkələsən, ən azı 20 obyekti, 50 milyon da pulu çıxar...

Əgər hər şey dürüst, düznəquludursa, Alimpaşa müəllimə elə də ağır cəza düşmür. Toylarda kişinin bəslədiyi forellərdən az yeməmişik. İnsafən, yaxşı balıq yetişdirirdi.

Samir SARI //musavat.com//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...