Maşının nömrəsini saxtalaşdırdı, cərimələr başqasına yazıldı - VİDEO
Bakıda avtomobilinin nömrəsini saxtalaşdırıb idarə edən sürücü saxlanılıb.
KONKRET.az-ın məlumatına görə, Dövlət Yol Polisi əməkdaşları paytaxtda xidmət aparan zaman “Lifan” markalı avtomobilin dövlət qeydiyyat nişanında şübhəli görüntünü aşkar ediblər. Nömrəyə baxış keçirən zaman məlum olub ki, sürücü 01-BC-449 qeydiyyat nişanındakı “9” rəqəmini süni üsulla “8” rəqəminə çevirib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sorğumuza cavab olaraq bildirib ki, həmin şəxs artıq məsuliyyətə cəlb olunub:
“Sözügedən sürücüyə İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi (dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etmək) ilə məsuliyyət nəzərdə tutulur. Araşdırma zamanı məlum olub ki, həmin sürücünün ödənilməmiş 1500 manat cəriməsi də var.
Bu cür hərəkətlər qayda pozuntusu olmaqla yanaşı, digər şəxslərin də hüquqlarının pozulması deməkdir. Çünki həmin sürücünün törətdiyi xətalara görə cərimələr etdiyi saxtakarlıqla digər yəni nömrənin əsl sahibinə yazılıb. Qeyd edim ki, xətanı törədən şəxsin ucbatından başqa şəxslərə yazılmış cərimələr avtomatik olaraq silinəcək”.
Xatırladaq ki, bu cür qayda pozuntusuna görə qanumvericilikdə 500-800 manat cərimə nəzərdə tutulur.
511 dəfə oxundu