Siyavuş Novruzov Əli İnsanovun Prezidenti dəstəkləməsindən danışdı: “Tövbə qapıları həmişə açıq olur”

Siyavuş Novruzov Əli İnsanovun Prezidenti dəstəkləməsindən danışdı:

“Əli İnsanovun həbs olunarkən müsadirə edilmiş mülklərini geri qaytarmaq məqsədilə cənab Prezident İlham Əliyevi dəstəklədiyini düşünmürəm. Bu gün Azərbaycanda cənab Prezidentin apardığı siyasəti dəstəkləməyən insan yoxdur. Dəstəkləməyənlər o insanlardır ki, onlar erməni dəyirmanına su tökürlər, xaricdən maliyyələşir, erməni təbliğatına xidmət edirlər. Buraya Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, “Milli Şura” deyilən anti-milli qurum, xaricdə “bloqer” adı altında fəaliyyət göstərən, Azərbaycan mənəviyyatına, əxlaqına zidd hərəkətlərlə, fəaliyyətlərlə məşğul olanlar daxildir. Digər siyasi partiyalar, ictimai təşkilatlar, insan hüquqları cəmiyyətləri – hamısı cənab Prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat Prezident İlham Əliyevin son bir ay müddətindəki fəaliyyətinə diqqət çəkib: “Cənab Prezident təkcə bir ayda ən azı 6-7 beynəlxalq tədbirdə iştirak edib, ən yüksək səviyyədə Azərbaycanın maraqlarını təmsil edib, hər yerdə Ermənistanın törətdiyi əməlləri gündəmə, dövlət başçıları səviyyəsində müzakirəyə çıxarıb. O cümlədən ölkə daxili iqtisadiyyatın inkişafı, sosial problemlərin həll edilməsi, müstəqillik dövrünün ən böyük büdcə layihəsi. Dünyada bu qədər müharibələr gedir, xəstəliklər, böhran var, buna baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Bütün bunların başında duran Azərbaycan Prezidentidir. Bu baxımdan, indi düz yolda olmayanlar da düz yola qayıdır və cənab Prezidentin siyasətini dəstəkləyir. Bu gün hər hansı insan Azərbaycanda gedən prosesi, Azərbaycana qarşı təhdidləri, hücumları dərk edirsə və orda iştirak etmək, rol almaq istəyirsə, hər kəsə qapılar açıqdır. Kimsə köhnə əməllərindən əl çəkirsə, bilirsiniz ki, tövbə qapıları həmişə açıq olur. Bağışlayan Allahdır. Allah hər bir insanı bağışlayırsa, bəndə kimdir ki, bağışlamasın”.

S.Novruzov Əli İnsanovun Yeni Azərbaycan Partiyasına üzv olacağı barədə iddialara da münasibət bildirib: “Belə bir şey olacağını hesab etmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...